BAKI, 24 iyul. TELEQRAF
Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru, əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarının nəticələri elan olunub.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, imtahanlarda 2243 namizəd və iddiaçı (1864 nəfər doktoranturaya qəbul, 378 nəfər fəlsəfə doktoru, 1 nəfər isə Azərbaycan dili imtahanında) iştirak edib. 73 nəfər imtahana gəlməyib.
"Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən, 1174 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb. 109 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib. 1 əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib", - məlumatda qeyd olunub.
Əlavə edilib ki, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün 27 iyuldan etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.
Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 25 iyul saat 10:00‑dan 26 iyul saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Namizədlər imtahan nəticələri ilə buradan tanış ola bilərlər.