BAKI, 25 avqust. TELEQRAF

Prezident İlham Əliyev “Artvin Maden A.Ş.” şirkətinə verilən filiz yataqları ilə bağlı 2021-ci il tarixli sərəncamda mühüm dəyişiklik edib.

Teleqraf xəbər verir ki, dövlət başçısının imzaladığı yeni sərəncama əsasən, sözügedən şirkətlə bağlanmış müqavilələrin əhatə dairəsi dəyişdirilib.

Sərəncama əsasən, əvvəlki sənədin adından və mətnindən Qaşqaçay və Ağduzdağ filiz yataqlarının adları, həmçinin bu yataqların “Artvin Maden A.Ş.” şirkətinə aidiyyatı ilə bağlı bəndlər çıxarılıb. Sənəddə edilən dəyişikliklər aşağıdakı kimidir:

"1.1. Sərəncamın adında və preambulada “Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının” sözləri “Elbəydaş filiz yatağının” sözləri ilə əvəz edilib;

1.2. 1-ci hissədə “Qaşqaçay” sözü “Elbəydaş” sözü ilə əvəz edilib və həmin hissədən “, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinə” sözləri çıxarılıb;

1.3. 3.2-ci bənddə “yataqların” sözü “yatağın” sözü ilə əvəz olunub".

Sərəncamla Nazirlər Kabinetinə sənəddən irəli gələn məsələləri həll etmək tapşırılıb.

Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə 2021-ci il tarixli sərəncama uyğun olaraq imzalanmış müqavilələrə xitam verilməsi və ya onlarda dəyişiklik edilməsi ilə bağlı məsələləri həll edəcəklər.