BAKI, 25 avqust. TELEQRAF
"Dənizkənarı Bulvar İdarəsi" publik hüquqi şəxs "Dənizkənarı Bulvar" Qapalı Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil edilir.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev “Dənizkənarı Bulvar İdarəsi” və “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında Fərman imzalayıb.
Fərmana əsasən, “Dənizkənarı Bulvar” QSC Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın mühafizəsi, onun ərazisinə nəzarət və idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən dövlətə məxsus kommersiya hüquqi şəxsidir. Qurum "Dənizkənarı Bulvar İdarəsi"nin hüquqi varisidir və onun hüquq, öhdəlik və əmlakı QSC-yə keçir. Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 üzvdən ibarət Müşahidə Şurası, cari rəhbərliyi isə 3 üzvdən (sədr və 2 müavini) ibarət İdarə Heyəti həyata keçirəcək.
Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin mühafizəsi, ərazisinə nəzarət, idarə edilməsi, saxlanılması, cari fəaliyyəti və inkişafının təmin edilməsi, eləcə də müvafiq hüquq, öhdəlik və əmlakı Prezidentin İşlər İdarəsinə həvalə olunur.
Fərmanla Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi Prezidentə, Nazirlər Kabinetinə və Müşahidə Şurasına tapşırılıb. Dövlət başçısı Cəmiyyətin yenidən təşkili, ləğvi, idarəetmə orqanlarının yaradılması, Müşahidə Şurasının və İdarə Heyətinin rəhbər və üzvlərinin vəzifəyə təyin və azad edilməsi səlahiyyətlərini saxlayır.
Nazirlər Kabineti aşağıdakı tədbirləri görməlidir:
3 ay müddətində normativ hüquqi aktların təkmilləşdirilməsi və Əqli Mülkiyyət Agentliyinin "Dövlət rüsumu haqqında" Qanuna uyğun olaraq xidmətlər göstərən əməkdaşlarının dövlət qulluqçusu statusunun ləğvi ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etmək;
2 ay müddətində Cəmiyyətin nizamnaməsini, Prezidentin İşlər İdarəsinin nəzarətində olacaq ərazinin hüdudlarını və obyektlərin siyahısını təsdiq edib dövlət başçısına məlumat vermək;
2 ay müddətində Dövlət Bayrağı Meydanının və Muzeyinin bütün əmlakının Prezidentin İşlər İdarəsinin balansına verilməsini təmin etmək;
Cəmiyyət dövlət qeydiyyatına alındığı gündən 1 ay müddətində İdarənin balansındakı əmlakın QSC-nin balansına verilməsini təmin etmək.
Maliyyə Nazirliyi Cəmiyyətin strukturunun, ştat vahidlərinin və əməkhaqqı sisteminin maliyyə ekspertizasını həyata keçirəcək və onların optimallaşdırılması üçün tədbirlər görəcək.