BAKI, 25 avqust. TELEQRAF
“İrəvan Qərbin xeyrinə oynamağa başlasa, Rusiya Ermənistana verdiyi bütün “hədiyyələr”i və güzəştləri geri götürəcək”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin müavini Aleksey Çepa TASS-a deyib.
Çepa vurğulayıb ki, Ermənistan üçün eyni vaxtda həm Avropa İttifaqında, həm də Avrasiya İqtisadi Birliyində olmaq, yəni “iki stulda oturmaq” mümkün olmayacaq:
“Onlar Rusiyadan bütün güzəştləri almaq, eyni zamanda Qərbin xeyrinə oynamaq istəyirlər. Qoy oynasınlar. Amma o zaman biz də təbii olaraq uzun illər ərzində həmin ölkəyə etdiyimiz bütün güzəştləri və “hədiyyələr”i geri götürəcəyik. Paşinyan üçün isə bu, çox çətin olacaq”.
Deputatın fikrincə, Ermənistan KTMT-dən çıxmaq istəsə, heç kim buna mane olmayacaq:
“Bunu heç kim etməyəcək, qoy özləri çıxsınlar. İstəmirlərsə, çıxsınlar. Kimsə kimsəni burada zorla saxlamır”.