BAKI, 25 avqust. TELEQRAF

İranın Livandakı səfiri Məhəmməd Rza Şeybani diplomatik fəaliyyət müddətinin rəsmi başa çatması ilə eyni vaxtda bu ölkədə altı ay “xarici vətəndaş” statusunda qalmaq üçün müraciət edib.

Teleqraf xəbər verir ki, bu barədə “Al-Arabiya” mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Şeybaninin müraciəti “xarici vətəndaş və keçmiş diplomat” kimi yaşayış icazəsi almaq əsasında edilib. Müraciətdə onun diplomatik statusu və ya İran səfiri titulu göstərilməyib.

“Al-Arabiya” qeyd edib ki, müraciət qəbul olunsa, Şeybani digər xarici vətəndaşlar kimi altı ay Livanda qala biləcək, amma diplomatik toxunulmazlığa, diplomatik statusa və ya rəsmi səlahiyyətlərə malik olmayacaq.

Xatırladaq ki, Livan hökuməti mart ayında Şeybanini “arzuolunmaz şəxs” elan edərək, ölkə ərazisini tərk etməsini tələb edib. Amma buna baxmayaraq, İran səfiri Livanda qalmaqda davam edir.