BAKI, 24 avqust. TELEQRAF

Bu il 58 947 nəfər ali təhsil müəssisələrinə qəbul olub.

Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, onlardan 4215-i subbakalavr olub. 28108 (o cümlədən 1145 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 317 (o cümlədən 58 subbakalavr) nəfər dövlət hesablı əsasında, 30522 (o cümlədən 3012 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı Mərkəzin internet saytından, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Hər bir abituriyentə dim.gov.az saytında müsabiqə nəticələrinə dair arayışla tanış olmaq tövsiyə olunub. Burada müvafiq sütunlarda abituriyentin ərizəsində qeyd etdiyi ixtisasın kodu və adı, həmin ixtisas üzrə minimal keçid balı, həmin ixtisas koduna aid dövlət sifarişi üzrə minimal keçid balı və dövlət sifarişi üzrə bütün ali təhsil müəssisələrinin eyni adlı ixtisasları üzrə minimal keçid balı, sonda isə müsabiqə nəticəsi qeyd olunub. Yəni burada hansı əsasla abituriyent qəbul olunub və ya müsabiqədən keçməyib məsələsi öz əksini tapıb.

Bildirilib ki, qəbul olunanların ali təhsil müəssisələri üzrə qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Qeydiyyat avqustun 28-dən 8 sentyabr saat 18:00-dək davam edəcək.

Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

***

18:33

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri elan olunub.

Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.