BAKI, 17 avqust. TELEQRAF
İlin əvvəlindən ölkə əhalisinin sayı 11099 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il iyul ayının 1-i vəziyyətinə 10273450 nəfərə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Qeyd edilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 01.08.2026-cı il tarixədək işğaldan azad edilmiş ərazilərə 38179 nəfər keçmiş məcburi köçkün geri qayıdıb, bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 91746 nəfər təşkil efib.