BAKI, 3 avqust. TELEQRAF
Xalq yazıçısı Elçinin Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, mərasimdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, mədəniyyət nazirinin müavinləri, mədəniyyət xadimləri, Milli Məclisin üzvləri, Ombudsman Aparatının rəhbərliyi, Elçinin ailə üzvləri iştirak ediblər.
Xalq yazıçısı Anar deyib ki, Elçinin əsərləri ədəbiyyat yaşadıqca var olacaq: “Elçin çox böyük yazıçı, çox yaxşı dost və çox böyük şəxsiyyət idi”.
Mədəniyyət nazirinin müavini Murad Hüseynovun sözlərinə görə, Xalq yazıçısı Elçinin xatirəsi hər zaman yaşayacaq.
Deputat Polad Bülbüloğlu qeyd edib ki, dost olaraq, azərbaycanlı olaraq onunla hər bir mövzuda danışmaq olardı: "Ruhu şad olsun”.
Xalq yazıçısının qızı deputat Günay Əfəndiyeva deyib ki, Prezidentin tapşırıqlarına əsasən Bakının geniş bir küçəsinə xalq yazıçısı Elçninin adı verilib: “Atamın şəxsiyyətinə, yaradıcılığına göstərilən dəyərə görə ailəmiz adından cənab Prezidentə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Mədəniyyət Nazirliyinə, Bakı şəhər İcra Hakimiyyətinə təşəkkür edirəm”.
Abidənin müəllifi Xalq rəssamı Natiq Əliyevdir.
Qeyd edək ki, Xalq yazıçısı Elçin 2025-ci il avqustun 3-də vəfat edib.
Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olub. Yaradıcılığa ötən əsrin 60-cı illərində başlayıb.
O, milli ədəbiyyata yeni ab-hava, yeni dəyərlər və bədii ifadə vasitələri gətirib, ədəbi mühitin inkişafında müstəsna rol oynayıb. Elçin Əfəndiyev Azərbaycan ədəbiyyatında və mədəniyyətində müstəsna xidmətlərinə görə “İstiqlal” ordeni və digər yüksək dövlət mükafatları ilə təltif olunub.