BAKI, 30 iyun. TELEQRAF

Türkiyənin Ankara şəhərində “Azərbaycan- Yeni Dövr” kitabının təqdimat mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi, Səfirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, İRS jurnalı, İRS Nəşriyyatının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, alimlər, yazıçılar, kitabxanaçılar və çoxsaylı qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirin moderatoru Türkiyənin Yunus Əmrə İnstitunun sabiq Bakı nümayəndəsi Səlcuq Karakılıç olub.

Tədbirdə Taner Bəyoğlu, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov,

Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Nəşrlər üzrə Baş direktoru Taner Bəyoğlu, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türk Dünyası Kitabxanaçılar Vəqfinin sədri Əli Odabaş, PAŞA Həyat ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova və Azərbaycan Yazıçılar Birliyinin üzvü Musa Mərcanlı çıxış ediblər.

Çıxışlarda “Bir Millət, İki Dövlət” prinsipi əsasında qurulan Azərbaycan–Türkiyə qardaşlığının strateji mahiyyəti, iki ölkə arasında əməkdaşlığın əhəmiyyəti, eləcə də “Azərbaycan – Yeni Dövr” kitabının elmi, mədəni və tarixi dəyəri xüsusi vurğulanıb.

Türkiyənin Yunus Əmrə İnstitununun sabiq Bakı nümayəndəsi Səlcuq Karakılıç çıxında 46 il əvvəl Türkiyədə “Can Azərbaycan” ifadəsini dillərə gətirən Yavuz Bülent Bakileri ehtiramla yad edərək onun “Azərbaycan şah damarımdır” misrasını xatırladıb.

S.Karakılıç bildirib ki, vaxtilə “boynu bükük diyar” kimi xatırlanan Azərbaycan bu gün öz milli kimliyini möhkəmləndirmiş, müstəqilliyini daha da gücləndirmiş və regionda söz sahibi olan qüdrətli dövlətə çevrilib.

Türk Dünyası Kitabxanaçılar Fondunun sədri Əli Odabaş isə kitabın yalnız məzmun baxımından deyil, yüksək poliqrafik keyfiyyəti ilə də seçildiyini bildirib. O qeyd edib ki, əsərin Türkiyənin müxtəlif şəhərlərindəki kitabxanalara çatdırılması ilə yanaşı, dünyanın nüfuzlu kitabxanalarına da göndərilməsi Azərbaycanın yaxın tarixinin və Azərbaycan–Türkiyə qardaşlığının beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verəcək.

İRS jurnalı və İRS Nəşriyyatının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Musa Mərcanlı isə tədbir iştirakçılarına təşəkkürünü bildirib.
O qeyd edib ki, “Azərbaycan – Yeni Dövr” kitabı Azərbaycanın son otuz ildə keçdiyi şərəfli inkişaf yolunu əhatəli şəkildə təqdim edir.

Mərcanlı eyni seriyaya daxil olan altı kitabın Türkiyə türkcəsində nəşr edilməsinin rəmzi baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, Azərbaycanın uğurları bütövlükdə Türk dünyasının ortaq uğurlarıdır və ortaq mədəni irsin dünya ictimaiyyətinə tanıdılması xüsusi önəm daşıyır. O Azərbaycanın ən böyük dayaqlarından birinin zəngin milli mədəniyyəti və tarixi irsi olduğunu da diqqətə çatdırıb.