ŞUŞA, 30 iyun. TELEQRAF

“Bu gün Türk Dövlətləri Təşkilatı beynəlxalq aləmdə sürətlə böyüyən, regional sabitliyin və qlobal sülhün möhkəmləndirilməsində əsas aktora çevrilən nüfuzlu geosiyasi güc mərkəzidir. Ölkələrimiz arasındakı əlaqələr qardaşlıq, qarşılıqlı etimad və strateji maraqlar üzərində qurulub. Bu birliyin güclənməsinin arxasında dövlət başçılarımızın sarsılmaz siyasi iradəsi dayanır”.

Teleqraf xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşündə səsləndirib.

O vurğulayıb ki, müasir dünyanın mədəni mənzərəsi sürətlə dəyişir:

“Bəşəriyyət qlobal miqyasda bəzi Qərb dairələrində sistemli şəkildə yürüdülən anti-İslam tendensiyaları və yeni ideoloji təhdidlərlə üz-üzə qalır. Bu gün İslam dinini terrorla eyniləşdirməyə çalışan, müqəddəs dəyərlərimizi hədəf alan bu təhlükəli meyllərə qarşı beynəlxalq müstəvidə ən qətiyyətli mübarizə aparan ölkələrdən biri Azərbaycandır.

Bizim xalqlarımızın sahib olduğu tolerant dünyagörüşü əsrlər boyu birgəyaşayışdan doğan zəngin mənəvi prinsiplərin məhsuludur. Türk-İslam sivilizasiyası dünyaya hər zaman sülh, ədalət və humanizm bəxş etmişdir.

TDT çərçivəsində dini sahədə Müsəlman Dini İdarələri Rəhbərlərinin Şurası uğurla fəaliyyət göstərir və biz onların fəaliyyətini yüksək qiymətləndiririk. Eyni zamanda bu gün Şuşada əsasını qoyduğumuz bu yeni platformanın vacibliyi strateji bir zərurətdən – dövlətlərarası səviyyədə hüquqi və institusional təhlükəsizlik arxitekturasını qurmaq ehtiyacından doğur. Məhz rəsmi dövlət qurumları səviyyəsində çoxtərəfli əməkdaşlığın qurulması böyük Türk ailəsinin mənəvi bütövlüyünə, ideoloji təhlükəsizliyinə və ortaq gələcəyinə birbaşa xidmət edən tarixi missiyadır”.

Sədr bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində talana məruz qalan, təhqir edilərək ümummüsəlman və ümümbəşəri mənəviyyatına ağır zərbə vuran vandalizm aktlarına qarşı tarixi-dini mədəni irsimizin qorunması, bərpası və bu əməllərin beynəlxalq müstəvidə ifşası istiqamətindəki əməkdaşlığı strateji xəttə çevirilir:

“Biz ilk dəfə olaraq dövlət səviyyəsində mərkəzləşdirilmiş informasiya və təcrübə mübadiləsi apararaq radikalizmə, kənar ideoloji müdaxilələrə və cəmiyyətlərimizin ənənələrinin əleyhinə yönəlmiş təhdidlərə qarşı ortaq mövqedən çıxış etmək imkanlarımızı genişləndiririk.
Əminəm ki, əsasını qoyduğumuz bu yeni əməkdaşlıq platforması dini sahəyə məsul dövlət qurumlarımızı ortaq hədəflər ətrafında daha sıx birləşdirəcək, gələcəyə doğru gedən yolda ən güclü mənəvi və hüquqi sütunlardan biri olacaqdır”.