BAKI, 30 iyun. TELEQRAF
İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması hər bir ailənin həqiqəti bilmək hüququna hörmətin, insan ləyaqətinin müdafiəsinin və humanitar dəyərlərə sadiqliyin ən ali ifadələrindən biridir.
Teleqraf xəbər verir ki, bu, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın şəxsi sosial şəbəkə hesabındakı paylaşımında qeyd olunub.
Müvəkkil vurğulayıb ki, münaqişələr başa çatsa da, yaxınlarının taleyindən xəbər gözləyən ailələrin ağrısı illərdir ki, davam edir və onların hər biri doğmalarının aqibətini öyrənmək, əzizlərini layiqincə dəfn etmək və uzun sürən qeyri-müəyyənliyə son qoymaq hüququna malikdir.
"Sevindirici haldır ki, Azərbaycanın bu sahədə formalaşdırdığı yüksək peşəkarlıq və müasir genetik identifikasiya imkanları artıq beynəlxalq səviyyədə də etimad qazanır. Ukraynaya itkin düşmüş şəxslərin axtarışı istiqamətində metodiki dəstəyin göstərilməsi ölkəmizin humanitar həmrəyliyə, beynəlxalq əməkdaşlığa və insan həyatına verilən yüksək dəyərə əsaslanan siyasətinin növbəti təzahürüdür", - Ombudsman bildirib.
Səbinə Əliyeva diqqətə çatdırıb ki, Azərbaycan dövləti Birinci Qarabağ və Vətən müharibəsində itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, kütləvi məzarlıqların aşkarlanması və şəxsiyyətlərin identifikasiyası istiqamətində mühüm işlər həyata keçirərək yüzlərlə ailənin illərlə davam edən həsrətinə son qoymağa çalışır və bu istiqamətdə əməyi olan bütün dövlət qurumlarının və mütəxəssislərin fədakar fəaliyyəti yüksək qiymətləndirilir.
Müvəkkil müraciətində rəsmi İrəvanın qarşısında duran öhdəlikləri də vurğulayıb:
"Eyni zamanda, humanitar məsələlərin siyasi məqsədlərə alət edilməsinə yol verilməməlidir. Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərinə uyğun olaraq itkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi, kütləvi məzarlıqlar barədə mövcud məlumatların təqdim edilməsi və bu istiqamətdə səmərəli əməkdaşlığın təmin olunması üçün zəruri addımları atmalıdır. Bu, yalnız beynəlxalq hüququn tələbi deyil, həm də insanlıq qarşısında mənəvi məsuliyyətdir. İnsan taleyinə xidmət edən hər bir təşəbbüs sülhə, ədalətə və qarşılıqlı etimada xidmət edir".