BAKI, 30 iyun. TELEQRAF

"İşğaldan azad edilmiş ərazilərdə təkcə insanlar deyil, tarixi abidələr və qəbiristanlıqlar da məqsədli şəkildə məhv edilib".

Teleqraf xəbər verir ki, bu barədə Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev Bakıda keçirilən “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfrasda bildirib.

Onun sözlərinə görə, institut Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradıldığı gündən onun fəaliyyətində fəal iştirak edir və ölkədə arxeoloji tədqiqatlara cavabdeh olan yeganə elmi-tədqiqat müəssisəsidir:

"İşğaldan azad edilmiş ərazilərdə aparılan arxeoloji və fiziki antropoloji tədqiqatlar, xüsusilə kütləvi məzarlıqların araşdırılması itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına mühüm töhfə verir. İşğal dövründə Azərbaycanın tarixi-mədəni irsi, o cümlədən Qarabağ xanlığı dövrünə aid qəbiristanlıqlar və nekropollar sistemli şəkildə dağıdılıb.

Bir ərazi işğal olunanda həmin xalqın yaddaşını sındırmaq məqsədilə ilk növbədə qəbiristanlıqlar və tarixi abidələr məhv edilir. Biz işğaldan azad edilmiş ərazilərdə bu faktların hamısını sənədləşdiririk. Qəbiristanlıqlar dağıdılıb, qəbirlər açılıb və müdaxilə edilib. Bunlar xalqımıza və ölkəmizə qarşı törədilmiş çox ağır cinayətlərdir".

O vurğulayıb ki, institutun əməkdaşları işğaldan azad olunmuş ərazilərdə tarixi abidələrə qarşı törədilmiş vandalizm faktlarını qeydə alır və onların elmi sənədləşdirilməsini həyata keçirirlər.