BAKI, 25 may. TELEQRAF

Şükürbəyli kəndinə çatan 119 ailəyə mənzillərin açarları təqdim olunub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, öncə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

***

13:51

Növbəti köç karvanları Şükürbəyli kəndinə çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Şükürbəyli kəndinə yola salınan 119 ailə mənzil başına çatıb.
Daha sonra mənzil başına çatan ailələrə mənzillərin açarları təqdim ediləcək.

***

06:00

Bu gün Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb.

Teleqraf xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 535 nəfərdən ibarət 119 ailə köçürülüb.

Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.