BAKI, 6 may. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Milli memarlıq və şəhərsalmanın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda II esse müsabiqəsi keçirilib.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, müsabiqə Bakı şəhərinin Suraxanı, Nizami və Sabunçu rayonlarının ərazilərində fəaliyyət göstərən məktəblərin 10-17 yaşlı şagirdlərini əhatə edib.
Esse müsabiqəsinin əsas məqsədi məktəblilərdə Ulu Öndər Heydər Əliyevin milli memarlıq və şəhərsalma sahəsindəki roluna dair bilik və təsəvvürlərin daha da zənginlşdirilməsindən, sözügedən sahə ilə bağlı yaradıcı və analitik düşüncənin, tarixi-mədəni irsi qorumaq hissinin aşılanmasından ibarət olub. Həmçinin, müsabiqə təhlükəsiz və dayanıqlı memarlıq anlayışları əsasında etibarlı tikinti və şəhərsalma mədəniyyətinin formalaşdırılması, habelə fövqəladə hallar zamanı düzgün davranış qaydaları barədə biliklərin formalaşdırılması məqsədilə təşkil edilib.
Müsabiqəyə aprel ayında start verilib və 100-dən çox şagird qatılıb. Esse müsabiqəsinə təqdim olunmuş işlər Bakı Regional Mərkəzi tərəfindən formalaşdırılmış münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib.
Müsabiqənin nəticələrinə əsasən, I qrup yaş kateqoriyası üzrə Bakı şəhəri, Nizami rayon 70 nömrəli məktəb-liseyin 5B sinif şagirdi Hacılı Sofiya Emin qızı I yerə, Sabunçu rayon İlqar Əliyev adına 96 nömrəli tam orta ümumtəhsil məktəbinin 7A sinif şagirdi Əlpənahlı Aygül Vüsal qızı II yerə, həmin məktəbin 5A sinif şagirdi Əhmədova Mələk Azər qızı III yerə, II qrup yaş kateqoriyası üzrə Sabunçu rayon 74 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi Manaflı Mehrimah Ramin qızı I yerə, Suraxanı rayon Abil Səfərov adına 114 nömrəli tam orta ümumtəhsil məktəbinin 10Ç sinif şagirdi Əsədullayeva Aysel Cəlal qızı II yerə, Nizami rayon 129 nömrəli tam orta ümumtəhsil məktəbinin 8A sinif şagirdi Məmmədli Ülkər Röyal qızı isə III yerə layiq görülüb.
Müsabiqənin mükafatlandırma mərasimində Bakı Regional Mərkəzinin və müsabiqədə iştirak etmiş məktəblərin rəhbər şəxsləri, müəllimləri, şagirdləri və valideynlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər Dahi Rəhbər Heydər Əliyevin milli memarlıq və şəhərsalma sahəsindəki müstəsna xidmətlərindən söz açıb, yaşayış binalarının tikintisi və şəhər infrastrukturunun formalaşdırılması zamanı zəruri olan dəyərlərdən və memarlıq ənənələrindən, estetik normalar və texnoloji yanaşmalardan bəhs edib, inşaat sektorunda təhlükəsizliyin etibarlı təmin olunmasının əhəmiyyətindən danışıblar.
Sonda qaliblərə diplom və hədiyyələr təqdim olunub.