BAKI, 4 may. TELEQRAF

Bakı şəhəri 95 nömrəli məktəbin 3-cü sinif şagirdinin şiddətə məruz qaldığı iddia edilir.

Teleqraf-a müraciət edən valideyn Zaur Rufiyev bildirir ki, övladı Uğur Rufiyevə həmin məktəbin müəllimi Xalisə Məmmədova tərəfindən fiziki və psixoloji təzyiq göstərilib.

Onun sözlərinə görə, videogörüntülərdə müəllimin şagirdin qolunu sıxdığı və qorxu yaradan davranışlar sərgilədiyi əks olunub. Valideyn qeyd edir ki, baş verənlər uşağın psixoloji vəziyyətinə mənfi təsir göstərib.

Bununla yanaşı, adıçəkilən müəllim tərəfindən valideynlərdən pul yığılması ilə bağlı iddialar da səsləndirilir.

Məsələ ilə bağlı 95 nömrəli məktəbdən Teleqraf-ın sorğuna cavab olaraq bildirilib ki, məsələ ilə əlaqədar araşdırma aparılıb.

Araşdırma nəticəsində “Təhsilverənlərin etik davranış qaydaları”nının tələblərinə riayət etmədiyinə görə müəllimə intizam tənbeh tədbiri tətbiq olunub.

“Digər iddialarla bağlı da araşdırma aparılır. Valideyn iclasları keçirilir, məktəb mühitinə uyğun olmayan halların yolverilməzliyi valideynlərin və müəllimlərin diqqətinə çatdırılır. Məktəbdə səmərəli tədris mühitinin qorunması diqqət mərkəzində saxlanılır”,- məlumatda qeyd olunub.