BAKI, 4 may. TELEQRAF

Yol-nəqliyyat hadisələrinin baş verməsi bəzən bəzi sürücülərin yollarda tələskənliyi səbəbindən olur. Xüsusilə də svetoforun yaşıl işıq siqnalı tam yanmadan, həmçinin qırmızı işıq siqnalının yanmasına saniyələr qalmış sarı işıq siqnalında hərəkətə başlamaq qəzanın baş verməsi ilə nəticələnir.

Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində deyilir.

"Belə sürücülərə bir daha xatırladırıq ki, svetoforun qırmızı rəngli işığının yanması və ya yanıb-sönməsi siqnalı hərəkəti qadağan edir. Bundan əlavə, sarı rəngli işığın yanması hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. Hərəkət etmək üçün isə yaşıl rəngli işıq siqnalını gözləmək lazımdır.

Unutmayaq ki, svetoforun siqnallarına riayət etmək “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsi ilə məcburidir", - müraciətdə qeyd olunub.