BAKI, 4 may. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin təşkilatçılığı ilə növbəti praktiki-maarifləndirici tədbir keçirilib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Murad Paşayev, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Hüsniyyə Babayeva, Baş idarənin əməkdaşları və kursantlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi Baba Salayev görüşün əhəmiyyətindən danışıb, belə tədbirlərin kursantların hərtərəfli hazırlığına mühüm töhfə verəcəyinə əminlik ifadə edib. Akademiya rəisi nəzəri biliklərin praktiki təcrübə ilə uzlaşdırılmasının təhsil prosesinin əsas prioritet istiqamətlərindən biri olduğunu, bu səpkili görüşlərin kursantların xidmətə hazırlanmasında, onların peşəkar dünyagörüşünün formalaşdırılmasında və operativ qərarvermə bacarıqlarının inkişafında mühüm rol oynayacağını vurğulayıb.
Daha sonra çıxış edən FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Murad Paşayev qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O, qeyd edib ki, Agentlik tərəfindən radioloji və nüvə təhlükəsizliyi sahəsində monitorinqlər aparılır, təhlükəsizlik standartlarının tətbiqinə nəzarət edilir və fövqəladə radioloji hallara hazırlıq istiqamətində mühüm tədbirlər həyata keçirilir. Natiq, həmçinin radioloji təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bu çərçivədə həyata keçirilən layihələr və təcrübə mübadiləsindən bəhs edib.
Tədbirdə nüvə və radioloji təhlükəsizlik sahəsində peşəkar kadr hazırlığının vacibliyi qeyd olunub, kursantlara bu istiqamətdə müasir yanaşmalar və təhlükəsizlik tədbirləri barədə məlumat verilib.
İnteraktiv formatda keçirilən tədbir zamanı kursantlar fəallıq nümayiş etdirib, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.