AĞCABƏDİ, 23 aprel. TELEQRAF
"Günün sonuna Qarqar çayı ilə Kür çayının arasındakı su axını dayandırılacaq".
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu sözləri Kür-Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi Elman Nuriyev bildirib.
Onun sözlərinə görə, son iki həftə ərzində Kür çayında suyun səviyyəsinin xeyli artması səbəbindən hazırda müşahidələrin aparıldığı ərazi Nəcəfqulubəyli kəndidir:
"Bu ərazidə Qarqar çayı Kür çayına birləşir. Suyun səviyyəsinin yüksəlməsi nəticəsində axın Qarqar çayı istiqamətinə yönəlib. Bundan təxminən 700 metr yuxarıda Qarqar çayının mühafizə bəndinin aşağı hissəsində sızma baş verib və nəticədə bənddə yarılma yaranıb. Hazırda axan sular əhali və yaşayış məntəqələri üçün heç bir təhlükə yaratmır. Buna baxmayaraq, bütün zəruri tədbirlər görülür. Günün sonunadək Kür və Qarqar çayları arasındakı axının qarşısının alınacağı və vəziyyətin tam nəzarət altına götürüləcəyi gözlənilir".
Elman Nuriyev bildirib ki, hazırda suyun yayıldığı ərazilərdə əkin yoxdur:
Həmin yerlər əsasən örüş sahələridir. Bu səbəbdən yaşayış məntəqələrinə və əhaliyə təsir edən ciddi risk müşahidə olunmur. Qabaqlayıcı tədbirlər çərçivəsində qəza materialları hazırlanıb, daş, beton, torpaq və bütün zəruri texnikalar əraziyə cəlb olunub. İdarə rəisi bildirib ki, günün sonuna qədər Qarqar çayı ilə Kür çayı arasındakı əlaqənin kəsilməsi təmin olunacaq".