BAKI, 14 aprel. TELEQRAF

Bu gün Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Qadınlar Şurasının ilk iclası keçirilib.

Teleqraf xəbər verir ki, iclasda üzv dövlətlərin nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, konfrans dialoq, təcrübə mübadiləsi və birgə qərarların hazırlanması üçün effektiv platforma olacaq.

"Əminik ki, şurada səsləndirilən yanaşmalar və təkliflər gələcək fəaliyyətimiz üçün etibarlı, konkret, real nəticələr əldə etməyə imkan verəcək. Bu iclas əməkdaşlığın inkişafında yeni bir səhifə açır.

Ötən il təşkilat daxilində aparılmış birgə səylər və konstruktiv dialoq nəticəsində Qadınlar Şurasının müvafiq əsasnaməsi qəbul edilib. Nəticədə gender siyasəti sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar açılıb".

AQEM-in Baş katibi Kayrat Sarıbay isə çıxışında Şuranın məqsədlərindən danışıb. O vurğulayıb ki, Azərbaycanın sədrliyi və təşəbbüsü ilə daha uğurlu nəticələr əldə olunacaq.

Daha sonra isə üzv dövlətlərin nümayəndələri milli bəyanatlarını səsləndiriblər.

Yekunda Qadınlar Şurasının tövsiyə sənədi səsə qoyularaq qəbul edilib.

***

14:40

"Həm Azərbaycan, həm də digər ölkələrdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) maraqlarına cavab verməyə çalışılır".

Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova AQEM Qadınlar Şurasının ilk iclasına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, təşkilat çərçivəsində yaradılacaq Qadınlar Şurasının müəyyən fəaliyyət planı olacaq.

AQEM-in Baş katibi Kayrat Sarıbay bildirib ki, Qadınlar Şurası təşkilata üzv ölkələrin problemləri, onların həlli yollarının paylaşılması üçün mühüm platforma rolunu oynayacaq.

"Ümumiyyətlə isə AQEM çox faydalıdır. Problemin həlli yolu tapıldıqda üzv ölkələr də bundan faydalanır", - o qeyd edib.