BAKI, 9 aprel. TELEQRAF

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlar dövlət müəssisinə yerləşdiriliblər və hazırda nəzarət altındadırlar.

Bunu Teleqraf-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov deyib.

O bildirib ki, uşaqların sağlamlığı, sosial xidmətləri və digər hüquqlarının təmin edilməsi ilə bağlı məsələlər dövlət müəssəsində nəzarət altındadır.

"Dövlət Komitəsinin nümayəndələri, yerli icra hakimiyyətinin nümayəndəsi, psixoloqlar, sosial işçilər ailəyə səfər ediblər. Orada vəziyyət qiymətləndirilib.

Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən də araşdırılır. Onlar iş açıblar və biz onların qərarını gözləyirik. Onun nəticəsində də ailədə uşağın qalıb-qalmaması və ya digər qərarların verilməsi yerli icra hakimiyyətinin arayışı əsasında ola bilər. Həmin uşaqların hüquqlarının müdafiəsi ilə bağlı tədbirlər davam etdirilir", - E. Səfərov vurğulayıb.

Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində bir ailədə 6 nəfər dəm qazından zəhərlənib. Ailənin bütün üzvləri evə buraxıldıqdan sonra dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu ilə yenidən xəstəxanaya yerləşdiriliblər.

Aprelin 3-də uşaqlardan biri ölüb. İkisinin vəziyyəti orta ağır, birinin isə durumu ağır stabil qiymətləndirilir. Uşaqlardan ikisi xəstəxanadan buraxılıb.