BAKI, 7 aprel. TELEQRAF
Elektron siqaretlərin istifadəsi ilə bağlı yeni qadağa qüvvəyə minib. Qərara əsasən, bu məhsulların istifadəsi və dövriyyəsinə müəyyən məhdudiyyətlər tətbiq olunub. Məqsəd əhali sağlamlığını qorumaq, xüsusilə gənclər arasında zərərli vərdişlərin yayılmasının qarşısını almaqdır.
Mövzu ilə bağlı deputat Fazil Mustafa Teleqraf-a bildirib ki, elektron siqaretlərin qadağan olunmasının əsas səbəbi onların sağlamlığa təsirinin tam proqnozlaşdırıla bilməməsidir:
“Ənənəvi tütün məhsulları yüz illərdir istifadə olunur və onların insan sağlamlığına təsirləri ilə bağlı oturuşmuş elmi yanaşmalar mövcuddur. Elektron siqaret isə nisbətən yeni məhsuldur və onun risklərini tam müəyyənləşdirmək mümkün deyil. Bu baxımdan belə qərarın qəbulu anlaşılandır”.
Deputat qeyd edib ki, adi siqaret və qəlyandan istifadə olunsa da, elektron siqaretlərə qarşı daha sərt tədbirlərin görülməsi onların gənclər arasında sürətlə yayılması ilə bağlıdır: “Elektron siqaretlər xüsusilə gənclər, o cümlədən qızlar arasında daha geniş yayılır. Bunun qarşısını almaq üçün istehsal və istehlakın qadağan edilməsi yolu seçildi”.
Fazil Mustafa gələcəkdə digər zərərli vasitələrlə bağlı mümkün məhdudiyyətlərə də toxunub:
“Ümumilikdə sağlamlıq üçün zərərli vasitələrin məhdudlaşdırılmasının tərəfdarıyam. Lakin hamısının tam qadağan olunması real hədəf deyil. Risklər nəzərə alınaraq məhdudlaşdırma tədbirləri tətbiq oluna bilər.
Qadağanın tətbiqi mexanizminə gəldikdə isə müvafiq inzibati sanksiyalar artıq müəyyən edilib. Tütün məhsullarına tətbiq olunan sanksiyaların əksəriyyəti elektron siqaretlərə də şamil olunur. Fərq ondadır ki, elektron siqaretlərin istehsalı artıq daha ciddi – hətta cinayət məsuliyyəti yarada biləcək səviyyədə qiymətləndirilə bilər”.
Mövzu ilə bağlı tibb professoru Adil Qeybulla Teleqraf-a açıqlamasında bildirib ki, elektron siqaret ideyası ilkin olaraq siqareti tərgitmək məqsədilə ötən əsrin 70-ci illərində ortaya çıxıb:
“Bu ideya bir müddət unuduldu, daha sonra biznes maraqları çərçivəsində yenidən gündəmə gətirildi və istehsalına başlanıldı. Nəticədə elektron siqaretlər geniş yayılmağa başladı. Halbuki onların tərkibindəki nikotin adi siqaretlə eyni səviyyədədir və asılılıq yaradan əsas amil də məhz nikotindir”.
Professor əlavə edib ki, elektron siqaretlərdə istifadə olunan aromatik maddələr də sağlamlıq üçün təhlükəlidir:
“Bu maddələr kanserogen xüsusiyyət daşıyır və yandıqda daha zərərli birləşmələr əmələ gətirir. Ümumilikdə adi siqaret tüstüsündə də kanserogen maddələr mövcuddur və onun zərəri elektron siqaretdən geri qalmır”.
Adil Qeybulla qeyd edib ki, dünyada elektron siqaretlərə qarşı məhdudlaşdırıcı tədbirlər artmaqdadır: “Bir çox ölkələrdə artıq qadağalar tətbiq olunur. Bu məhsulların ölkəyə gətirilməsinin qarşısı alınmalı, eyni zamanda əhali arasında maarifləndirmə işləri gücləndirilməlidir”.