BAKI, 7 aprel. TELEQRAF

Cinas bayatılar ustadı kimi tanınan Sarı Aşığın “Gül dəftəri” kitabı çapdan çıxıb.

Bu barədə Teleqraf-a kitabın tərtibçisi şair İlham Qəhrəman məlumat verib.

Yeni nəşr AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə işıq üzü görüb. Təkmilləşdirilmiş topluda Sarı Aşığa məxsus müxtəlif mənbələrdən götürülmüş 1018 bayatı, 8 qoşma (2 təcnis), 33 bayatı-tapmaca və bağlamalar yer alıb.

Tərtibçi istifadə etdiyi qaynaqlara tənqidi yanaşıb, çoxsaylı deyim və sözlərə, dini-mifoloji məfhumlara, xüsusi adlara aydınlıq gətirib, cinasları düzgün və anlaşıqlı şəkildə təqdim edib.

Əvvəlki toplulardan fərqli olaraq üçüncü nəşrə aşığın iki mənbədən götürülmüş 21bayatısı əlavə edilib, indiyə qədər cavabsız qalmış bağlama və tapmacaların bir çoxunun açması düzgün qeyd edilib.

Eyni zamanda oxucular yeni nəşrdə Sarı Aşıq haqqında el arasında yayılmış rəvayətlərlə də tanış ola biləcəklər.

Nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədidir.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.