BAKI, 16 fevral. TELEQRAF

Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç Qarabağ Universitetində səfərdə olub.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-a verilən məlumata görə, səfər çərçivəsində Dmitri Pineviç Qarabağ Universitetinin rektoru Şahin Bayramov ilə görüşüb. Görüşdə universitetin fəaliyyəti, strateji inkişaf prioritetləri və beynəlxalq əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Tərəflər Qarabağ Universiteti ilə Belarus universitetləri arasında ali təhsil və elm sahəsində əməkdaşlıq perspektivlərini, o cümlədən tələbə və akademik heyət mübadiləsi, birgə elmi-tədqiqat layihələri və innovasiya istiqamətində tərəfdaşlıq imkanlarını müzakirə ediblər.

Səfir, həmçinin Qarabağ Universitetinin əsas tədris binası, eləcə də Tibb və sağlamlıq elmləri və Biznes və İqtisadiyyat fakültələrinin maddi-texniki bazası və mövcud infrastrukturu ilə ətraflı şəkildə tanış olub, auditoriyalar, ixtisaslaşmış laboratoriyalar və digər tədris məkanlarına baxış keçirib. Qonağa universitetdə təşkil olunan müasir tədris prosesi, tətbiq olunan innovativ yanaşmalar və tələbələr üçün yaradılmış akademik və sosial şərait barədə geniş məlumat təqdim edilib.

Qeyd edək ki, səfər çərçivəsində Dmitri Pineviç Tibb və sağlamlıq elmləri fakültəsinin dekanı və Qarabağ Universiteti Klinikasının baş direktoru Samir Babayevlə də görüşüb. Görüşdə tibb təhsili, klinik infrastrukturun inkişafı, praktik hazırlıq imkanları və səhiyyə sahəsində beynəlxalq əməkdaşlıq perspektivləri barədə müzakirə aparılıb.