BAKI, 10 fevral. TELEQRAF
Atalığı tərəfindən zorakılığa məruz qalan 11 yaşlı qız şəhər xəstəxanalarının birində müalicə olunandan sonra sığınacağa yerləşdirilib. Uşağın ilkin qiymətləndirilməsi Sosial Xidmətlər Agentliyi tərəfindən aparılıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rahil Süleymanzadə məlumat verib.
O qeyd edib ki, atalıq polis əməkdaşları tərəfindən saxlanılıb.
"Faktla bağlı araşdırılma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi tədbirlər görüləcək. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Dövlət Komitəsi gələcəkdə də bu cür faktların qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsini aidiyyəti qurumlara tapşırıb", - o vurğulayıb.
Qeyd edək ki, ötən gün "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edərək 11 yaşlı qızın 8 yaşından etibarən atalığı tərəfindən seksual hərəkətlərə məruz qalması, anası tərəfindən də təhdidlərin olması səbəbindən onun müəssisəyə yerləşdirilməsinə zərurət yarandığını bildirmişdi.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə də sorğu ünvanlanıb.