2025-ci il ərzində 3561 təhlükə potensiallı obyektdə 37569 qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib və 6603 akt tərtib edilib.
Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən 2025-ci il ərzində görülmüş işlərə dair mətbuat konfransı zamanı agentliyin rəisi Vüsal Ağayev bildirib.
Onun sözlərinə görə, aktlarda 14992 qayda pozuntusu qeydə alınıb, onların aradan qaldırılması ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb: "Təhlükəli vəziyyətdə istismar olunan 144 qurğunun istismarına qanunvericiliyə uyğun məhdudiyyət tətbiq edilib. Texniki təhlükəsizlik tələblərinin icrası məqsədilə 5097 nəfər işçinin bilik səviyyəsi yoxlanılıb və həmin şəxslərə müvafiq təsdiqedici sənədlər təqdim edilib.
Edilən müraciətlərə uyğun olaraq, hüquqi və fiziki şəxslərə təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə 1087 ədəd Çıxarış təqdim edilib".
Təhlükə potensiallı obyektlərdə istismar olunan texniki qurğu və avadanlıqlar üzrə ümumilikdə 2696 hüquqi və fiziki şəxsə 14325 ədəd texniki təhlükəsizlik sertifikatı verilib.
O bildirib ki, qeydiyyata alınmış ekspertiza rəylərinin ümumi sayı 5494 ədəd təşkil edib:
"Müraciət edən şəxslərə nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında 3405 ədəd Şəhadətnamə verilib".