Ev şəraitində həkim nəzarəti olmadan özünə iynə vuran şəxslərin halının pisləşməsi və hətta ölümlə nəticələnən hallar cəmiyyətdə narahatlıq doğurur. Bu baxımdan xəstələrin evdə hansı iynə və preparatlardan istifadə etməsinin təhlükəsiz olduğu, hansı hallarda isə mütləq tibbi nəzarətin vacibliyi məsələsi yenidən gündəmə gəlib.

Mövzu ilə bağlı tibb professoru Adil Qeybulla Teleqraf-a bildirib ki, dünyanın aparıcı ölkələrində ev şəraitində inyeksiya vurulması və sistem qoyulması praktikası mövcud deyil:

“Bəzi tablet formalı dərmanlar - parasetamol, ibuprofen, aspirin kimi preparatlar həkim təyinatı olduğu halda apteklərdən, hətta marketlərdən belə əldə edilə və xəstələr tərəfindən təyinat üzrə istifadə oluna bilər. Lakin inyeksiya etmək və sistem qoymaq qəti qadağandır".

Həkim qeyd edib ki, bu cür müdaxilələr nəticəsində ağırlaşma baş verərsə, hüquqi məsuliyyət yaranır.

Adil Qeybulla vurğulayıb ki, ev şəraitində inyeksiya dünyanın heç bir ölkəsində icazəli deyil və bu praktika yalnız Azərbaycanda qalmaqdadır:

“İstənilən preparat, hətta vitaminlər belə orqanizmdə allergik və ya digər ağır reaksiyalar yarada bilər. Bizdə ev şəratində daha çox vitamin və antibiotiklərdən istifadə olunur. Antibiotiklərin bəziləri ciddi ağırlaşmalara, hətta anafilaktik şoka səbəb ola bilər. Ev şəraitində isə bu cür hallara dərhal tibbi yardım göstərmək mümkün deyil. Nəticədə ölüm halları ilə də qarşılaşırıq”.

Professor problemin davam etməsinin əsas səbəblərindən birinin mövcud hüquqi boşluqlar olduğunu bildirib:

“İnyeksiyalar icbari tibbi sığorta çərçivəsində, təyinat verən həkimin nəzarəti altında və xəstəxana şəraitində həyata keçirilməlidir. Əgər stasionar müalicənin ambulator şəkildə davam etdirilməsi məqsədəuyğundursa, xəstə tibb müəssisəsinə müraciət edir, prosedur icra olunur və evə buraxılır. Hazırda poliklinikalarda da bu xidmətlərin bir qismi göstərilir. Təəssüf ki, evdə özbaşına sistem qoymaq və müalicə aparmaq halları hələ də geniş yayılıb”.

Həkim əlavə edib ki, dünya ölkələrinin bu praktikanı qadağan etməsi təsadüfi deyil, ümumi statistikaya əsasən, bu sahədə çoxsaylı ağırlaşmalar qeydə alınır və inkişaf etmiş ölkələrin bu addımı atması daha təhlükəsiz və məntiqli yanaşmanın göstəricisidir.

Həkim-terapevt Sevinc İsayeva Teleqraf-a bildirib ki, ev şəraitində hər hansı preparatın parenteral yolla yeridilməsi sağlamlıq üçün ciddi təhlükə yaradır və bəzi hallarda geri dönməyən fəsadlara səbəb olur. Onun sözlərinə görə, dərmanların intravenoz inyeksiyası qana daha sürətlə yayıldığı üçün xüsusilə yolverilməz hesab olunur.

Həkim qeyd edib ki, son dövrlərdə ev şəraitində aparılan bu tip tibbi prosedurlar zamanı baş verən ölüm hallarının əsas səbəbi anafilaktik şokdur: "Anafilaktik şok orqanizmin allergenə, bu halda dərmana verdiyi ani inkişaf edən, həyati vacib orqanların funksiyasını kəskin pozan ağır və sistemli allergik reaksiyadır".

Mütəxəssis bildirib ki, anafilaktik şokun əsas əlamətləri arasında arterial təzyiqin kəskin düşməsi, nəfəs darlığı, tənəffüs çatışmazlığı ilə əlaqədar səthi nəfəsalma, dil və boğazın şişməsi, dəridə qızartı və qaşınan səpgilərin əmələ gəlməsi yer alır. Bu əlamətlərin hansı formada və hansı üstünlüklə özünü göstərməsi fərdi xüsusiyyətlərdən asılı olaraq şəxsdən şəxsə dəyişə bilər.

Sevinc İsayeva özünə iynə vuran şəxslərin düşə biləcəkləri vəziyyəti mütləq nəzərə almalı olduqlarını deyib:

“Xüsusilə həkim təyinatı olmadan istifadə edilən antibiotiklər, qeyri-steroid iltihab əleyhinə preparatlar, eləcə də ev şəraitində və tibbi nəzarət olmadan vena daxili sistemlərin köçürülməsi insan sağlamlığı üçün yüksək risk daşıyır”.