BAKI, 25 dekabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzinin təşəbbüsü ilə Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz və Zaqatala Rayon İcra hakimiyyətlərində “2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirlərdə FHN Şimal-qərb Regional Mərkəzinin və sözügedən rayonların icra hakimiyyətlərinin rəhbər şəxsləri, yerli özünüidarəetmə orqanlarının, aidiyyəti rayon xidmətləri və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının məsul vəzifəli nümayəndələri iştirak ediblər.

Müşavirələrdə Regional Mərkəzin və icra hakimiyyətlərinin nümayəndələri çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Daha sonra Şimal-qərb Regional Mərkəzinin əməkdaşları mülki müdafiə sahəsində görülmüş işlərdən bəhs edib, mülki müdafiə obyektlərində keçirilmiş monitorinqlərin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat veriblər. Qeyd olunub ki, cari ilin təqvim planına uyğun olaraq, rayonların ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Müşavirələrdə mövzu üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.