BAKI, 25 dekabr. TELEQRAF

"Hökumə uçuşa çıxmazdan əvvəl bizimlə son dəfə danışmışdı. Qardaşının övladını görmək istəyirdi".

Teleqraf xəbər verir ki, bu sözləri AZAL-ın qəzaya uğrayan təyyarəsində həlak olan Azərbaycanın Milli Qəhrəmanı, təyyarə bələdçisi Hökumə Əliyevanın anası Kəmalə Alıyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qızı ona axşam zəng edib: “Qardaşının övladını görmək istəyirdi. Bizə uçuşu olduğunu deməmişdi. Axşam saat 23:00-da sağollaşdıq. Qızımın acı xəbəri səhər 12:00-da bizə verildi”.

Hökumə Əliyevanın həyat yoldaşı Etibar Əliyev qeyd edib: “Biz inanırıq ki, bu cinayətin üstü açılacaq və cinayətkarlar layiqli cəzasını alacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

H.Əliyevanın qardaşı Coşqun Nəsibli bacısının ölümün gözünə dik baxdığını bildirib: "Hamı Avropadan dünyagörüş, geyim tərzi öyrənmək istəyir. Avropa da bizdən şücaət, qəhrəmanlıq öyrənə bilər. Bacım uşaqlıqdan təmkini, səbri ilə seçilirdi, fədakar olduğunu bilirdik. Deyirdi ki, böyüyəndə dövlətimə xidmət edəcəm, insanların hüququnu qoruyacağam. Həmişə həm özündən kiçiklərə, həm də böyüklərə qayğı ilə yanaşardı".

Hökumə Əliyevanın atası Cəlil Əliyev deyib ki, təyyarə qəzasına səbəb olan cinayətkarların tezliklə yaxalanması və layiqli cəza almasını istəyirlər: "Ağır itkidir, 100 il yaşasaq da, keçməyəcək. Arzum budur ki, qızımın xatirəsi əbədi yaşasın".