BAKI, 14 noyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətləri çərçivəsində nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirlərini davam etdirir.

FHN-dən Teleqraf-a verilən məlumata görə, növbəti belə tədbir Nazirliyin Aran Regional Mərkəzi ilə birgə təşkil olunub.

Regional Mərkəzin inzibati binasında “Sahibsiz radioaktiv mənbələr və onlarla davranış” mövzusunda keçirilmiş tədbirdə Mərkəzin əhatə etdiyi rayonların icra hakimiyyətlərinin kommunal sahələr üzrə nümayəndələri, eləcə də FHN-in yerli qurumlarının nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Aran Regional Mərkəzinin rəis müavini mayor Ruhan Nəsibov keçirilən tədbirin əhəmiyyətindən danışıb.

Sonra tədbirdə çıxış edən Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini Xəzər Əmiraslanov tədbirin mövzusu barədə məlumat verib, sahibsiz radioaktiv mənbələrlə əlaqəli davranış qaydalarının mənimsənilməsinin vacibliyini bildirib.

Ümumilikdə 30 nəfərdən artıq nümayəndənin qatıldığı tədbirdə nüvə və radioloji fəaliyyətlər, nəzarət mexanizmləri, sahibsiz radioaktiv mənbələr, sahibsiz radioaktiv mənbələrin aşkar edilməsi, sahibsiz radioaktiv mənbələrlə davranış zamanı qurumların fəaliyyətinin əlaqələndirilməsi, nüvə və radioloji qəza halları, qəza hallarında idarəetmə mexanizmi məsələləri müzakirə olunub.

Tədbir zamanı Agentliyin əməkdaşları tərəfindən müvafiq mövzularla təqdimatlar edilib, videoçarxlar nümayiş olunub və suallar ətraflı cavablandırılıb.