BƏRDƏ, 25 aprel. TELEQRAF
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Bərdə rayonunun Zümürxan kəndində yerləşən və vaxtilə kənd sakinlərinin ən çox üz tutduğu məkanlardan biri olan göl bu gün acınacaqlı vəziyyətə düşüb.
Təbiətin bəxş etdiyi bu gözəl su hövzəsi hazırda məişət tullantıları, çirkab suları ilə çirkləndirilir.
Xatırladaq ki, təsərrüfat sahələrinin suvarılması məqsədilə yaradılan Zümürxan su anbarı 45 hektar ərazini əhatə edir. Su ehtiyatı əsasən yeraltı qaynamalar, yağış və sel suları hesabına toplanır. Ümumi tutumu 1 milyon 600 min kubmetr olan anbar vasitəsilə ətraf yaşayış məntəqələrində min hektara yaxın torpaq sahəsinin suvarılması mümkündür.
Kənd sakinlərinin sözlərinə görə, bir zamanlar gölün ətrafı təkcə Zümürxan kəndinin deyil, rayon sakinlərinin və bölgəyə gələn qonaqların da istirahət üçün üz tutduğu məkan olub. Lakin illər keçdikcə gölə münasibət dəyişib və ərazi tədricən zibilliyə çevrilib. Hazırda gölün ətrafında müxtəlif məişət tullantılarına, plastik qablara və digər əşyalara rast gəlinir.
Sakinlər bildirirlər ki, yaranmış mənzərənin əsas səbəbi elə kənddə yaşayan bəzi insanların məsuliyyətsiz davranışıdır. Onların sözlərinə görə, tullantılar üçün ayrılmış yerlər olsa da, bir çoxları zibilləri birbaşa gölün ətrafına atmağa üstünlük verir.
Məsələ ilə bağlı Zümürxan kəndinin aid olduğu Yeni Daşkənd bələdiyyəsindən bildirilib ki, gölün ətrafı Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mühafizə zolağına daxildir. Qeyd olunub ki, bələdiyyə tərəfindən kənddən kənarda zibil quyuları qazılsa da, bəzi sakinlər həmin yerlərdən istifadə etmək istəmirlər.