BAKI, 25 aprel. TELEQRAF
Şənbə günü Mali silahlı qüvvələri ölkə daxilində hökumət mövqelərinə hücumlarda iştirak edən azı 80 yaraqlını öldürüb.
Teleqraf xəbər verir ki, bu barədə Mali ordusunun sözçüsü Süleyman Dembele bildirib.
"Düşmən təhlükəsizlik və müdafiə qüvvələri ilə toqquşduğu hər ərazidə ciddi itkilər verib. Ən azı 80 yaraqlı öldürülüb" - Dembele qeyd edib.
Mali Silahlı Qüvvələrinin Baş Qərargahı bütün hücumların dəf edildiyini və hakimiyyətin ölkə daxilində vəziyyətə tam nəzarət etdiyini bildirib. Hökumət qüvvələri arasında mümkün itkilər barədə heç bir məlumat verilməyib.
Məlumata görə, 25 aprel səhər tezdən baş verən hücumlar iki qrup tərəfindən həyata keçirilib: özünü Əl-Qaidənin bir qolu kimi təqdim edən "Camaat Nusrat əl-İslam vəl-Müslimin" və "Tuareq" üsyançıları tərəfindən yaradılan Azavad Azadlıq Cəbhəsi on iki şəhərdə ordu mövqelərinə hücum ediblər.
Mali təhlükəsizlik qüvvələrinin məlumatına görə, yaraqlılar ağır silahlar, dronlar və bombalardan istifadə ediblər. Hücumçuların istifadə etdiyi bəzi avadanlıqlar ələ keçirilib.