BAKI, 13 noyabr TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti respublikada pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində silsilə maarifləndirmə tədbirləri keçirib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bu çərçivədə, Xidmətin əməkdaşları tərəfindən “Prime Cotton” MMC-nin Bərdə, Ağcabədi, Zərdab rayonlarında yerləşən pambığın ilkin emalı filiallarında və Ağdam rayonunda yerləşən pambıq qəbulu məntəqəsində yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə sözügedən müəssisələrin əməkdaşları iştirak edib.

“Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri” mövzusunda keçirilən tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunan kənd təsərrüfatı maşınlarının ilkin yanğın və qığılcımsöndürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin, tədbir iştirakçıları pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasının, açıq oddan istifadə edilməsinin, siqaret çəkilməsinin müvafiq normalara zidd olması barədə məlumatlandırılıb. Eyni zamanda, su mənbələrinə müvafiq yolların salınmasının, hovuzların yanında xüsusi təyinatlı avtomobillərin manevr etməsi üçün meydançaların olmasının zəruriliyi də müəssisələrin səlahiyyətli şəxslərinin diqqətinə çatdırılıb.

Tədbirlərdə iştirakçılara Nazirlik tərəfindən hazırlanmış maarifləndirici çap məhsulları paylanılıb.