ZƏNGİLAN, 6 noyabr. TELEQRAF
Zəngəzur dəhlizinin bir hissəsi Ağbənd qəsəbəsi ərazisindəki Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yoludur.
Teleqraf-ın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisi Ziyəddin Həsənov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Zəngəzur dəhlizinin bir hissəsi olan bu avtomobil yolunun ümumi uzunluğu 123.6 km-dir.
Onun sözlərinə görə, 78,5 km hissəsi 6 hərəkət zolağından, 45,1 km hissəsi isə 4 hərəkət zolağından ibarətdir:
"Hərəkət zolağının eni 14 və 21 m təşkil edir. Torpaq yatağının eni isə 21,5 və 29,5 m təşkil edir. Avtomobil yolu üzərində ümumilikdə 8 ədəd qovşaq, 44 ədəd alt keçid, 5 ədəd üst keçid, 314 ədəd müxtəlif diametrli su ötürücü qurğu inşa edilib".
Tunellərə gəldikdə isə onların uzunluğu ümumilikdə 12 km təşkil edir.
"3 tuneldən ibarətdir. Hazırda 1-ci tunelin tikintisi gedir. Digər tunellərin qazma işləri artıq bitib, hazır vəziyyətdədir. Onların sadəcə asfalt-beton işləri həyata keçirilir.
2026-cı ilin ikinci yarısına tikinti işlərinin tamamlanması nəzərdə tutulub".
O qeyd edib ki, layihədə tikintisi nəzərdə tutulmuş 24 körpünün 23-də tikinti işləri tamamlanıb. 1 körpünün isə tikinti işləri həyata keçirilir.