BAKI, 23 may. TELEQRAF
Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində “Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı” mövzusunda tədbir keçirilib.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, tədbirin keçirilməsində məqsəd gənc əsgərlərin “ağ ölüm”ə qarşı mübarizə ilə bağlı maarifləndirilməsi olub.
Tədbirdə hərbi hissənin şəxsi heyəti, Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev, Bakı Şəhər Baş Polis İdarəsinin baş inspektoru polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, əməliyyat müvəkkili polis baş-leytenantı Emil İbrahimov və inspektoru polis leytenantı Aysel Hacıyeva iştirak ediblər.
Tədbirdə narkotik maddələrin fəsadları, insan sağlamlığına və mənəviyyatına vurduğu zərbə barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, bəşəri bəla olan narkomaniyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə hər bir ölkə üçün prioritet məsələlərdəndir. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurmaqla bərabər, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.
Tədbirin sonunda şəxsi heyətə narkomaniya və ağ ölümün törətdiyi faciələr mövzusunda “Yoxluğa yoluxma” adlı videofilm nümayiş olunub.