
BAKI, 14 aprel. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsi və Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin birgə təşkilatçılığı ilə Nazirliyin Gəncə Regional Mərkəzində “Beynəlxalq axtarış-xilasetmə əməliyyatları zamanı idarəetmənin və koordinasiyanın təşkili” mövzusunda kurs keçirilib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Kursun keçirilməsində əsas məqsəd Nazirliyin Gəncə şəhərində yerləşən struktur bölmələrinin və Gəncə Regional Mərkəzinin əməliyyatların planlaşdırılması və qərargahların idarə olunmasında iştirak edən əməkdaşlarının beynəlxalq humanitar əməliyyatlarda effektiv idarəetmənin və koordinasiyanın təşkilində bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarət olub.
Təşkil olunan 3 günlük kursda beynəlxalq humanitar əməliyyatlar zamanı idarəetmənin və koordinasiyanın vacibliyi vurğulanaraq, “Beynəlxalq Axtarış-xilasetmə və Məşvərət Qrupunun (İNSARAG)” təlimatları əsasında tərtib olunan sənədlər, həmçinin humanitar əməliyyatlar zamanı “GPS” sistemlərinin tətbiqi, “Virtual Sahə Əməliyyatlarının Koordinasiya Mərkəzi (VOSOCC)”, “İNSARAG Koordinasiya və İdarəetmə Sisteminin (İCMS)” imkanları və iş prinsipləri, beynəlxalq humanitar əməliyyatlarda medianın rolu kurs iştirakçılarının diqqətinə çatdırılıb.
Bundan başqa, kurs iştirakçılarına zəruri sənəd və avadanlıqlarla komplektləşdirilmiş “Şəhər Əməliyyatlarının Koordinasiya Mərkəzi (UCC)”-nin və “Qəbuletmə-yolasalma Məntəqəsi (RDC)”-nin iş prinsipləri izah edilməklə nümayış etdirilmiş, həmçinin humanitar əməliyyatlar zamanı idarəetmənin və koordinasiyanın həyata keçirilməsində istifadə olunan müasir peyk rabitə vasitələrinin imkanları ilə həm nəzəri, həm də praktik şəkildə yaxından tanış olublar.
Kursun yekununda FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin hazırlıq və sinifləndirmə dövrünü əks etdirən videoçarx nümayiş olunub.