
BAKI, 27 mart. TELEQRAF
Köhnə "Azon Zavod"un ərazisində ağaclar kəsilib, təbiətə 117060 manat məbləğində ziyan vurulub.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə "Azon Zavod"un ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb.
Araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan "Avant Group" MTK tərəfindən kəsildiyi və təbiətə 117060 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır.