BAKI, 30 mart. TELEQRAF

Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Teleqraf xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycanda Ramazan bayramı mart ayının 30-u və 31-i qeyd ediləcək.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Hacı Fuad Nurullayev Teleqraf-a açıqlamasında bildirib ki, bayram namazı bu gün ölkəmizin bütün məscidlərində qılınacaq.

"Bayram namazı Göy məscid kimi tanınan Əjdər bəy məscidində saat 8:00-a, Təzə Pir məscidində isə saat 9:00-a təyin edilib. Bu, hər il eyni qaydada təşkil olunur və bu il də istisna deyil. Bayram namazı ölkəmizin bütün məscidlərində qılınacaq. Bir neçə məsciddə saat 8-də, əksər məscidlərdə isə saat 9-da nəzərdə tutulub. Məsciddə bayram namazının vaxtını təyin etmək də məscidin icma rəhbəri və imamından asılıdır. İmamlar gələn camaata uyğun vaxtı təyin edə bilərlər”, - F.Nurullayev əlavə edib.

Ölkəmizdə Ramazan ayı mart ayının 1-dən başlayıb.

Ramazan bayramının məqsədlərindən biri müsəlmanların toplanması və görüşməsidir. Müsəlmanlar bayramda görüşür, bir yerdə namaz qılırlar. Oruc ibadətlərini bitirdikdən sonra müsəlmanlar bayram keçirir və bir yerə yığılırlar.

Ramazan bayramında müsəlmanlar bir-birini ziyarət edir, qohum-əqrabalarla görüşülüb, incikliklər aradan qaldırılır. Bayramda kasıblar və yoxsullar da sevinməlidir, onlar da yeni paltar geyinərək bütün müsəlmanlarla bir yerdə namaza gəlməlidirlər. Məhz buna görə fitrə zəkatı buyurulub. Bu vəsilə ilə yoxsul müsəlmanlar da bayramı xoş-əhvalla keçirirlər.