BAKI, 15 mart. TELEQRAF

Ramazan ayı fiziki-mənəvi təmizlənmə prosesi kimi nəzərdən keçirilsə də, sağlam qidalanma və çəkiyə nəzarət baxımından da önəmli məqamları ehtiva edir.

Teleqraf xəbər verir ki, dietoloq Ceyda Dəmirəl Ramazan ayında sağlam qidalanma və çəkiyə diqqət göstərməyin vacib olduğunu deyir: “Bu dövrdə bədəni zəifləməkdən qorumaq, əzələ itkisinin qarşısını almaq əsas prioritetlərdən olmalıdır. İmsakdan yayınmaq ən böyük səhvlərdən biridir. Bu vəziyyət maddələr mübadiləsini ləngidir, çəkiyə nəzarəti çətinləşdirir, gün ərzində insanın özünü daha ləng və yorğun hiss etməsinə səbəb olur”.

Dietoloq Ceyda Dəmirəl Ramazan ayında sağlam arıqlama üsulları, çəkiyə nəzarət və sağlam qidalanma ilə bağlı da danışıb: “Oruc zamanı sağlam şəkildə arıqlamaq mümkündür, lakin bunun şüurlu bir pəhrizlə dəstəklənməsinə ehtiyac var. Ramazan ayında orqanizm saatlarla qidasız qalır və maddələr mübadiləsi sürəti yavaşlayır. Bu səbəbdən imsakda qida qəbulu çox vacibdir. Sağlam arıqlamaq yalnız balanslaşdırılmış qidalanma planı ilə mümkündür".

Dəmirəl orucluqda balanslı qidalanmağın lazım olduğunu deyib:

“İftar və imsakda zülal, karbohidratlar və sağlam yağlardan ibarət balanslaşdırılmış yeməyə üstünlük verilməlidir. Ana südündən sonra ən yaxşı protein mənbəyi yumurtadır. İmsakda yumurta istehlakına diqqət yetirilməlidir. Kəpək və qarabaşaq çörəyi kimi kompleks karbohidratları, yumurta kimi yaxşı bir zülal qaynağı, liflə zəngin tərəvəzlər və avokado, zeytun yağı və zeytun kimi qidalar sizi uzun müddət tox tutacaq ”.