
BAKI, 15 mart. TELEQRAF
Rusiyanın Belqorod vilayəti Federasiya Şurasının senatoru Janna Çefranova "Kim? Nə? Harada"nın keçmiş oyunçusu Rövşən Əsgərovu intellektini itirməkdə ittiham edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya saytları məlumat yayıb.
J.Çefranova bildirib ki, Əsgərovun "Ukrayna Silahlı Qüvvələrinin Belqorodun dinc sakinlərinə hücumuna bəraət qazandırması" onun "intellektini itirməsindən" xəbər verir.
O qeyd edib: "Bu, savadlı adamların (istənilən halda, söhbət "Kim? Nə? Harada"nın keçmiş oyunçusundan gedir) öz intellektual qabiliyyətlərini birdəfəlik itirə biləcəyinin nümunəsidir".
Bundan başqa, senator onu "mənəviyyatını itirməkdə" də suçlayıb.
Qeyd edək ki, bu günlərdə R.Əsgərov mətbuata verdiyi açıqlamasında "Ukraynanın Belqorodu vurmasını" normal davranış adlandırıb və buna əsasın olduğunu bildirmişdi.
Xatırladaq ki, Rusiya "Nə? Harada? Nə vaxt?" televerilişinin keçmiş bilicilərindən olan Rövşən Əsgərov haqqında qiyabi həbs qərarı çıxarıb və o, axtarışa verilib.
R. Əsgərova qarşı nasizm maddəsi ilə cinayət işi açılıb. Bu, onun sosial şəbəkələrdə Sovet İttifaqı marşalı Georgi Jukov haqqında qəsdən yalan məlumat yayması ilə əlaqələndirilir.
Həmçinin fevral ayında Rövşən Əsgərovun bank hesabları bloklanıb. Onun 130 min rubl borcu olduğu və əleyhinə üç icra işi açıldığı qeyd olunur.
Baş verənlərə münasibət bildirən Rövşən Əsgərov terrorçular və ekstremistlər siyahısına daxil edilməsini qəribə addım kimi qiymətləndirib və bunun səbəbini anlamadığını söyləyib. Eks bilici əlavə edib ki, bu addımın səbəbi, böyük ehtimalla, onun YouTube kanalında Vladimir Putinə qarşı sərt fikirlər səsləndirməsidir.
Qeyd edək ki, 2022-ci il aprelində İstintaq Komitəsinin müstəntiqləri R.Əsgərova qarşı nasizmin reabilitasiyası (Rusiya Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi) ilə bağlı cinayət işi açıblar.