
BAKI, 14 mart. TELEQRAF
"Hesabat zamanı kommunal tariflərdən bəhs olunarkən, bir məqam həmişə unudulur. Əlbəttə, mənzil fondunun yenilənməsi alqışa layiqdir. Lakin tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çeviriblər".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc hökumətin hesabatının müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, qanuna görə, tikilən binalar istismara qəbul olunur, çıxarışlar alınır, sonra 6 ay ərzində Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaradılmalı və rəsmən qeydiyyatdan keçərək binanların idarə etmə strukturu və ödənişlərin miqdarını müəyyənləşməlidir:
"İndi elə şəhərciklər var ki, aylıq tariflər 1 kvadrat metrə görə 1 manata yaxındır, əvəzində MTK-ların öhdəliklərinə tələb və meyarlar yoxdur. Digər bir məsələ, "Texnofest"ə heç bir inzibati qərar olmadan 100 minlərlə gənc qatıldı. Deməli, Səlcuq Bayraqdarlar millətimizin içərisində var. Yetər ki, startaplara meydan verilsin. Elm Fondunun vəsaitləri 2010-cu ildəki 7 milyondan, ötən ilki 3 milyona qədər azalıb, üstəlik, illərdir yarısı geri qayıdır. Halbuki 100-lərlə gənc rəqəmsal biliklərə malikdir və pilotsuz Akınçıları-Əkinçiləri özləri yarada bilərlər. Biz iqtisadi, siyasi suverenliyi qazanmışıq, texnoloji suverenlik də hədəfimiz olmalıdır".
O həmçinin xatırladıb ki, iki tədqiqat əsaslı universitet yaradılmasına dair fərmanın vaxtı 2026-cı ildə başa çatır:
"OCED ölkələrində əhalinin 1000 nəfərinə düşən alim və tədqiqatçıların sayı 10-dan yuxarıda olduqda ölkə inkişaf etmiş sayılır. Sual sadədir - Hökumət ixtisaslı kadrları haradan alır? Qarabağdan sonra ən böyük milli hədəfimiz peşəkar kadr məsələsi ola bilər. ABŞ-də yaradılan Hökumətin Effektivliyi Departamenti inqilabi qərarları-kütləvi ixtisarları, işçilərin hər həftə hesabat verməsini və bürokratik sistemi zəiflətməyi ona görə bacarır ki, əmək bazarında təklif tələbi 3 dəfə üstələyir. Lakin ölkəmizdə ixtisaslı kadrlara ehtiyac neft hasilatının azalması və birjalarda dəyişən enerji qiymətlərini kompensə edə biləcək yeganə resurs ola bilər".