BAKI, 15 mart. TELEQRAF

Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç bəyan edib ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı təmasların hazırkı mərhələsində Ukrayna ərazisinin 25 faizi məsələsi müzakirə olunur.

Teleqraf xəbər verir ki, bu barədə o, NTV- yə açıqlamasında bildirib.

A.Ç. Kılıç deyib: "Vəziyyət çox sürətlə inkişaf edir. Bəzi məsələlərdə irəliləyiş əldə olunur, sonra bu məqamlar yenidən nəzərdən keçirilir. Amma əsas problem etimadın itirilməsidir. Heç kim heç kimə güvənmir. 2022-ci ildən bəri hər iki tərəf iki dəfə Türkiyədə görüşüb. Və bu danışıqlarda xeyli məsafə qət edilib. Amma bəzi siyasətçilərin hərəkətləri nəticəsində müharibə bitmək bilmir. Hazırda müzakirə olunan şərtlərə, ərazi və bölgələrə mütəmadi olaraq yenidən baxılır. Əgər 2022-ci ildə Ukraynanın ərazisinin 3 faizinin qayratılmasından danışırdıqsa, indi bu rəqəm təxminən 25 faizdir".

Türkiyə Prezidentinin müşaviri vurğulayıb: "Amma indi bir şey tamamilə aydındır - müharibə başa çatmalıdır. Bu fikirdə bağlı razılıq var. Ukrayna əziyyət çəkir, Rusiya problemlərlə üzləşir. Bütün bu məsələlərdə ABŞ və Avropa öz yerlərini axtarır. Hazırkı vəziyyətdən çıxış yolu tapmaq istiqamətində proses davam edir. Liderlərin göstərişi ilə hərəkət edən nümayəndə heyətlərinin intensiv işi davam edir. Təbii ki, həlledici qərarı lidelər verəcək, amma bundan əvvəl həmin qərarların ən yaxşı formada hazırlanması üçün müəyyən yol keçilməlidir".