BAKI, 27 fevral. TELEQRAF

“Ermənistanın Cənubi Qafqazın ekologiyasını zəhərləyən dağ-mədən sənayesi müəssisələri barədə rəqəmsal xəritə topoqrafik və kosmik əsasdadır. Xəritənin hazırlanmasında çətinliklərimiz olub. Geoloji xəritələr məxfi olduğu üçün onları əldə etmək çətin idi. Bunun üçün dost ölkələrdən materiallar əldə etmişik”.

Teleqraf xəbər verir ki, bunu "Environmental Protection First" (EPF) Koalisiyasının üzvü "Azərbaycan Kartoqrafları" İctimai Birliyinin rəhbəri Müqabil Bayramov Ermənistanın Cənubi Qafqazın ekologiyasını zəhərləyən dağ-mədən sənayesi müəssisələri barədə rəqəmsal xəritənin təqdimatı zamanı deyib.

O bildirib ki, elektron xəritənin dəqiqliyi çox yüksəkdir:

“Xəritədə əsas çirkləndiricilər barədə məlumatlar verilib. Məsələn, hansı çaylar çirklənib, hansı xarici və yerli erməni təşkilatları tərəfindən istismar olunur - bu barədə məlumat bolluğu var. Qanuna zidd işləri ifşa etməklə bağlı işlər görülüb. Mədənlərin fotoşəkilləri çəkilib, məlumatlar verilib. Tarixi xəritələr əsasında Qərbi Azərbaycan toponimlərindən istifadə olunub. Yaxın zamanda veb-saytlara yerləşdiriləcək”.

Qeyd edək ki, infobank mahiyyətli rəqəmsal xəritə azərbaycan, ingilis və erməni dillərində hazırlanıb.