BAKI, 19 fevral. TELEQRAF

“Bu toplantının başladığı dəqiqələrdə Azərbaycan Prezidenti, cənab İlham Əliyev Xankəndidə Zəfər parkının əsasını qoyurdu. Bu, qürurverici bir tarixdir. Bizim həyatımızdan, taleyimizdən keçən 44 şərəfli günə görə Ali Baş Komandanımıza və qəhrəman ordumuza dünya durduqca şükranlığımız var”.

Teleqraf xəbər verir ki, bunu “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı Azərbaycan və Türkiyə arasında “Media Məkanında Strateji Əməkdaşlıq Anlaşma Memorandumu”nun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda bu gün keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin media sahəsində də strateji əməkdaşlıq zərurəti 2020-ci il 44 günlük müharibədən sonra meydana çıxdı:

“Bu, müharibə zamanı informasiya cəbhəsində baş verənlərdən, eləcə də Zəfərin yaratdığı reallıqlardan qaynaqlanırdı. Müharibənin davam etdiyi 44 gün ərzində Azərbaycana qarşı beynəlxalq müstəvidə informasiya hücumları edildiyi vaxt, təkcə qardaş Türkiyə mediası bizimlə birlikdə informasiya müharibəsində döyüşürdü. Hətta ön cəbhədən, qanlı-qadalı savaşlardan türkiyəli həmkarlarımızın reportajlarını yayırdıq. Bu vəziyyət iki qardaş ölkənin media sahəsində də strateji əməkdaşlığının vacibliyini ortaya çıxardı.

Bunu zəruri edən əsas amillərdən biri də Türkiyə və Azərbaycana qarşı informasiya hücumlarının eyni mərkəzlərdən idarə olunması təcrübəsidir. Beynəlxalq media korporasiyalarının maraq qruplarına xidmət etdiyi sirr deyil və bir çox hallarda həqiqəti yox, siyasi sifarişləri tirajlayırlar. Zaman-zaman sifarişçilər arasında erməni diasporunun olduğu ilə rastlaşmışıq, istər Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə, istər 44 günlük müharibədə, istərsə post-müharibə dövründə. Azərbaycanla yanaşı, Türkiyə də hədəf seçilir. Bu, qardaş ölkələri informasiya mübarizəsində potensialını birləşdirməsinə sövq edən amillərdəndir.

Təbii ki, media sahəsində strateji əməkdaşlıq Türkiyəyə Azərbaycanın dəstəyi ilə informasiya cəbhəsində mövqelərini möhkəmləndirmək, Azərbaycana isə Türkiyə təcrübəsini öyrənmək imkanları da yaratdı”.

O bildirib ki, ötən beş il ərzində əldə olunan nəticələr Azərbaycan və Türkiyənin media sahəsində strateji əməkdaşlığının doğru qərar olduğunu anlamağa imkan verir.

“Bunun nümunələrindən biri kimi Qarabağda suverenliyimizin bərpa edildiyi 2023-cü ildə anti-Azərbaycan tezislərinə qarşı informasiya mübarizəsini göstərmək olar. Türkiyəyə qarşı həm bizim regionda, həm qlobal müstəvidə baş verən dezinformasiya kampaniyası ilə mübarizədə Azərbaycan mediasının verdiyi dəstək də müsbət örnəklərdəndir.

Beş il ərzində əldə olunan nəticələr Azərbaycan və Türkiyənin media sahəsində əməkdaşlığının strateji əhəmiyyətini ortaya çıxarmaqla yanaşı, müəyyən çağırışlara da diqqət çəkir. Fikrimcə, perspektiv imkanları dəyərləndirərkən, Azərbaycan və Türkiyənin dezinformasiyalara qarşı mübarizəsini bir mərkəzdə də birləşdirmək olar. Çünki zaman-zaman həm Azərbaycan informasiya mühitinə Türkiyənin əleyhinə, həm Türkiyə informasiya mühitinə Azərbaycan əleyhinə yalan məlumatların ötürülməsi cəhdi ilə üzləşmişik. Qəzzada baş verən müharibə bunun son örnəyidir. Türkiyə informasiya mühitində Azərbaycanın İsraillə münasibətlərinin yanlış formada təqdim edilməsi, ictimai rəyin manipulyasiya edilməsi cəhdləri baş verdi. Paralel şəkildə Azərbaycan informasiya mühitinə Türkiyənin Fələstinlə bağlı siyasətinə dair doğru olmayan məlumatların ötürülməsi cəhdləri edildi. Məqsəd aydın idi, bu cür dezinformasiya ilə hər iki ölkənin ictimai rəyinin bir-birinə qarşı yanlış istiqamətdə formalaşdırılmasına və iki ölkənin münasibətlərinin pozulmasına çalışırdılar. Bu cür hallar dezinformasiyalara və siyasi manipulyasiyalara qarşı fəaliyyətin koordinasiya edilməsinin vacibliyini ön plana çıxarır.

Bununla yanaşı, perspektiv əməkdaşlığı digər türk dövlətləri ilə də genişləndirmək, Azərbaycan və Türkiyənin media sahəsində strateji əməkdaşlıq təcrübəsini türk dünyasında həyata keçirmək istiqamətində fəaliyyətin genişləndirilməsi əhəmiyyətli olar.

Bu, bir neçə kontekstdə yeni imkanlar yarada bilər:

- Təcrübə mübadiləsinin aparılması ilə beynəlxalq informasiya məkanına daha peşəkar formada çıxa bilərik.

- Ortaq fəaliyyətlə bu coğrafiyada ictimai rəyə kənar müdaxilələrin qarşısını daha effektiv şəkildə ala bilərik.

- İnformasiya müharibəsində potensialı birləşdirməklə daha yaxşı nəticələr əldə edə bilərik.

- İnformasiya dili yaxınlaşmalıdır. Ədalətlə yanaşsaq, Azərbaycan informasiya dili daha aydın, lakonik və çevikdir. Çox arzulayardıq ki, türkiyə mediası bu üsluba keçsin. Üslub yaxınlığı bizi inanılmayacaq qədər yaxınlaşdıracaq.

- Hazırda yaxşı hal odur ki, Türkiyə informasiya məkanı artıq Yaxın Şərqi də əhatə edir. Bu areal genişlənməlidir və proqram halında, məqsədli, həm də dil-üslub birgəliyi qorunmaqla genişlənməlidir”, - A.Camalqızı qeyd edib.