BAKI, 13 oktyabr. TELEQRAF
“Oktyabrın 8-dən bu günədək 741 nəfər qrip əleyhinə peyvənd olunub”.
Teleqraf xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departmentinin rəhbəri Yaqut Qarayeva jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, onların 641 nəfəri Bakı şəhərinin üzərinə düşüb.
“Bir neçə ildir ki, bütün tibb müəssisələrində peyvəndləmə prosesləri icra olunur. Adətən öncədən xəstəxanalara hazırlıqla bağlı məlumat verilir, maarifləndirmə işləri aparılır.
Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar Qəbələ, İsmayıllı, Qobustan, Xaçmaz və Ağdaş rayonlarıdır. Peyvənd olunma istəyi isə daha çox 60-65 yaşlılarda müşahidə edilir. Həmçinin valideynlər də uşaqları üçün peyvəndə maraqlıdırlar".
Onun sözlərinə görə, bu il Azərbaycana gətirilən peyvəndlər çox keyfiyyətlidir.
"Bu peyvəndin əks təsiri yoxdur", - o əlavə edib.
Qeyd edək ki, oktyabrın 8-dən Azərbaycanda Bakı və regionlarda ərazi üzrə ilkin səhiyyə xidməti göstərən TƏBİB tabeli tibb müəssisələrində qrip əleyhinə peyvəndlənmə prosesinə başlanılıb. Peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır.
Bu gün 1 nömrəli Şəhər Poliklinikasında keçirilən vaksinasiyada media nümayəndələri də iştirak edib.