BAKI, 13 oktyabr. TELEQRAF
"Ötən ilin sentyabr ayından 2025-ci ilin yanvar ayına qədər tibb müəssisələrimizdə ümumilikdə 34 min 148 nəfər qrip əleyhinə peyvənd olunub. Onlardan 4 min 431 nəfəri 0–17 yaş, 29 min 717 nəfəri isə 18 yaşdan yuxarı vətəndaşlarımızdır.
Bu rəqəmlər göstərir ki, artıq insanlar öz sağlamlıqlarına daha məsuliyyətlə yanaşır".
Teleqraf xəbər verir ki, bunu TƏBİB-in departmenti rəhbəri Zamirə Ədilova mövsümü qriplərlə əlaqədar keçirilən “Açıq qapı” günündə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, statistik göstəricilər onu deməyə əsas verir ki, qrip sadə, mövsümi xəstəlik deyil, o qlobal səhiyyə problemidir:
"Məhz buna görə bir çox ölkələr – ABŞ, Böyük Britaniya, Kanada, Yaponiya və Avropa İttifaqına daxil olan dövlətlər hər il genişmiqyaslı peyvəndlənmə kampaniyaları həyata keçirirlər.
ÜST və Avropa Xəstəliklərə Nəzarət Mərkəzi ölkələrə tövsiyə edir ki, risk qrupuna daxil olan şəxslərin - yəni yaşlıların, hamilələrin, xroniki xəstələrin və tibb işçilərinin - ən azı 75 faizi vaksinasiya ilə əhatə olunsun.
TƏBİB daha çox 18 yaşdan 65 yaşa qədər əhalinin peyvəndə cəlb olunmasında maraqlıdır".