BAKI, 26 avqust. TELEQRAF

“L.A.DENT DİŞ KLİNİKASI”-da stomatoloq kimi fəaliyyət göstərən Turab Məmmədlinin əmək müqaviləsinə xitam verilib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 12-ci maddəsinə əsasən, həkimlik fəaliyyətini yalnız ali tibbi təhsili təsdiq edən diplomu və müvafiq dövlət qeydiyyatı (sertifikasiyası) olan şəxslər həyata keçirə bilər. Orta tibb təhsili alan şəxslərin həkim-stomatoloq kimi fəaliyyət göstərməsi qanunvericiliyə görə yolverilməzdir.

"Tibb kadrlarının vahid dövlət registrində olan məlumata əsasən Hafiz İsazadə orta tibb təhsilli (diş texniki), Turab Məmmədli orta tibb təhsillidir (ortoped-stomatoloq).

Mediada yayımlanan sözügedən fakt üzrə məsələ Mərkəzin işçi qrupu tərəfindən araşdırılıb. Aparılan araşdırma zamanı “QARAGÖZOVA” MMC-yə məxsus özəl tibb müəssisəsinin İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilmiş müvafiq qeydiyyat nömrəli lisenziya və əlavəsi sənədinə əsasən, “diş texniki” işi üzrə tibbi xidmət göstərməsi məqsədəmüvafiq hesab edilir.

Əlavə olaraq bildirilir ki, Hafiz Faiq oğlu İsazadənin vəzifə səlahiyyətləri araşdırılan zaman onun 12.04.2028-ci il tarixinədək qüvvədə olan dövlət sertifikasiya şəhadətnaməsi əsasında “stomatologiya” ixtisası üzrə “diş texniki” praktik tibb fəaliyyəti ilə məşğul olması müəyyən edilib. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “diş texniki” Hafiz Faiq oğlu İsazadənin praktik tibb fəaliyyəti məqsədəmüvafiq hesab edilir.

Həmçinin, mediadan edilən müraciətlərlə əlaqədar Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi ev 27 ünvanda yerləşən “L.A.DENT DİŞ KLİNİKASI” MMC-yə məxsus özəl tibb müəssisəsində əməkdaşlarımız tərəfindən plandankənar (növbədənkənar) yoxlama keçirilib.

Yoxlama zamanı Turab Məmmədlinin əmək müqaviləsi üzrə diş texniki vəzifəsinə götürülməsi və sertifikatsız tibb fəaliyyəti ilə əlaqədar “L.A.DENT DİŞ KLİNİKASI” MMC barədə inzibati tənbeh tədbiri seçilərək, İXM-nin 215.1 (lisenziyadan kənar fəaliyyət) və 215.4-cü (sertifikasiyadan keçməyən şəxsin praktik tibbi fəaliyyətə buraxılması) maddələri üzrə inzibati xəta haqqında protokol tərtib edilib.

Bu gündən etibarən həmin klinikada Turab Məmmədlinin əmək müqaviləsinə xitam verilib", - məlumatda qeyd edilib.

Qeyd edək ki, “L.A.DENT DİŞ KLİNİKASI”-da Turab Məmmədli adlı şəxsin tibbi təhsili olmadan klinikada həkim kimi fəaliyyət göstərdiyi barədə xəbərlər yayılmışdı. "Qaragözova" klinikasında isə Hafiz İsazadə adlı şəxsin tibbi təhsili olmadan stomatoloq kimi işlədiyi iddia olunurdu.