BAKI, 13 avqust. TELEQRAF

Avqustun 13-ü saat 13:00 radələrində Şamaxı Rayon ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində ümumilikdə 6 nəfər (3-ü kişi, 3-ü qadın) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Tibb müəssisəsində yaralılara sol bazu sümüyünün çoxqəlpəli sınığı, belin yumşaq toxumasının əzilməsi, sol diz oynağının yumşaq toxumasının əzilməsi, qapalı kəllə-beyin travması, sağ göz ətrafı toxumaların hematoması, sol çiyin nahiyyəsinin yumşaq toxumasının əzilməsi və sifətin bəzi yerlərində sıyrıntılar diaqnozları təyin olunub.

Zəruri tibbi yardım göstərildikdən sonra 1973-cü il təvəllüdlü şəxs (qadın) ambulator müalicə üçün evə buraxılıb, 1979-cu il təvəllüdlü şəxs (qadın) KT müayinəsi üçün Qobustan Rayon Mərkəzi Xəstəxanasına göndərilib və 1983-cü il təvəllüdlü şəxs (qadın) ixtisaslaşdırılmış tibbi yardım məqsədilə Elmi Tədqiqat Travmatologiya-Ortopediya İnstitutuna təxliyə olunub.

Digər şəxslərin müalicəsi Təcili Tibbi Yardım şöbəsində davam etdirilir.