BAKI, 22 iyul. TELEQRAF

"Oynaq ağrıları yaşlanmanın qaçılmaz nəticəsi deyil".

Teleqraf xəbər verir ki, bunu 93 FM-də yayımlanan “Sağlam radio” verilişinin qonağı, fizioterapevt Könül Məmmədova deyib.

Onun sözlərinə görə, oynaqlarda yaranan ağrılar çoxsaylı səbəblərlə bağlı ola bilər: iltihabi proseslər, travmalar, infeksiyalar, metabolik pozğunluqlar, ən əsası – oynağın biomexanikasının pozulması.

“Oynaqlar düzgün hərəkət edə və bədənin yükünü daşıya bilmədikdə nəticədə ağrı, hərəkət məhdudiyyəti və deformasiyalar ortaya çıxır. Məsələn, menisk yırtığı, çiyin əzələsinin zədələnməsi, oturaq həyat tərzi və ya düzgün aparılmayan idman hərəkətləri bu problemləri yarada bilər”, – deyə həkim bildirib.

Könül Məmmədovanın sözlərinə görə, bir tərəfli əzələ zəifliyi də oynaqların funksiyasını poza bilər. Hətta yastı pəncə, onurğa əyriliyi, çanaq displaziyası, artıq çəki və düzgün seçilməmiş ayaqqabılar da bu zəncirvari təsirin bir hissəsidir.

Müalicəyə gəlincə, fizioterapevt deyir ki, bu, səbəbdən, şiddətdən və xəstənin ümumi vəziyyətindən asılı olaraq dəyişir. İltihablı hallarda dərman müalicəsi, qığırdaq zədələnmələrində isə fizioterapiya və reabilitasiya tövsiyə olunur.

“Osteopatiya, pəhriz və yoqa gimnastikası kimi yanaşı metodlar da biomexaniki tarazlığın bərpasında əhəmiyyətlidir”, – deyə fizioterapevt vurğulayıb.

Könül Məmmədova bildirib ki, fizioterapiya – müasir tibbin ən vacib və əvəzolunmaz bərpa üsullarından biridir.

"Fizioterapiya yalnız müalicə deyil, həm də profilaktika məqsədilə tətbiq olunur, xüsusilə ortopedik və neyrocərrahi əməliyyatlardan sonra zəruridir. Əməliyyatdan sonra əzələlər zəifləyir, hərəkət məhdudlaşır, ağrılar artır. Fizioterapiya bu şikayətlərin qarşısını almaq üçün əvəzsizdir. Əzələ spazmını aradan qaldırır, qan dövranını və toxumaların oksigenlə təchizatını yaxşılaşdırır”, – deyə həkim bildirib.

Həkimin sözlərinə görə, fizioterapiya şişkinlik və ödemlərin azaldılmasında da mühüm rol oynayır – bu məqsədlə limfa drenajı və krioterapiya kimi metodlar tətbiq edilir. Həmçinin, aktiv və passiv hərəkətlərlə oynağın hərəkət qabiliyyəti qorunur. Ən çox tətbiq olunan hallar arasında ortopedik əməliyyatlar (oynaq dəyişdirilməsi, sınıq fiksasiyası), neyrocərrahi əməliyyatlar (bel və boyun yırtığı), travmalardan sonrakı bərpa və ürək-ağciyər əməliyyatları yer alır.

“Əgər bərpa düzgün aparılmazsa, bu, gələcəkdə əlillik riskini artıra bilər. Fizioterapiya isə bu riskləri minimuma endirir”, – deyə Könül Məmmədova əlavə edib.