"Mən, bir vacib məsələni diqqətinizə çatdırmaq istəyirəm. Dünən bir şəhidin nənəsi ilə görüşüm oldu. Doğurdan da o görüş mənə xeyli dərəcədə təsir etdi".

Teleqraf.com xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında səsləndirib.

Millət vəkili vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti hər zaman şəhidlərimizin xatirəsinin əziz tutulmalı olduğunu, onların ailə üzvlərinin dövlətin diqqət və qayğısı ilə əhatə edilmələrini bildirir:

"Hesab edirəm ki, bu tövsiyələr müvafiq dövlət, hakimiyyət orqanlarının qərarı ilə icra olunmalı, yerinə yetirilməlidir.
Dünən görüşdüyüm Cəmilə xanım deyir ki, onun qızı Sevda xanımın tək bir övladı müharibədə şəhid olub. Suqovuşan uğrunda gedən döyüşlərə görə Rəşadət ordeni ilə təltif edilib. Onun oxuduğu Xətai rayonunun 55 saylı orta məktəbin kollektivi də, rayon icra hakimiyyəti də, təhsil nazirliyi də müvafiq təqdimatlarla çıxış ediblər ki, məktəbin tək şəhidi olan, Samir Əliyevin adı həmin məktəbə verilsin. Amma sənədlər 23 yanvar 2021-ci ildən Nazirlər Kabinetinə təqdim olunsa da, bu günə qədər də orda heç bir qərar qəbul edilməyib. Dünən mən, Nazirlər Kabinetinin icra aparatının rəhbəri ilə də danışdım, o tövsiyə elədi ki, baş nazirin müavini Əli Əhmədovla danışım. Əli Əhmədovla əlaqə yaratmaq mümkün olmadı. Cəmilə xanım qeyd elədi ki, təkcə bu problem bununla bağlı deyil, digər şəhid ailələri ilə də bağlıdır.

Yəni, ana özünün yeganə övladını itirib və bu onun üçün çox böyük təskinlik olardı. Həm də Sevda xanım işsizdir və onun ali təhsili yoxdur. Mən dünən Suraxanı rayonu icra başçısı ilə, Xətai rayon icra başçısı ilə danışdım. Ali təhsili olmadığına görə onun işlə təmin olmasında çətinlik olduğunu söylədilər.

Məşğulluq xidmətinin rəhbəri ilə də danışdım, o da bildirdi ki, yəni birinə kömək edə bilərik ki, tutaq ki hansısa bir özünə məşğulluqla məşğul olsun. Amma torpaq sahəsi ayrılmasında kömək edə bilməyəcəklərini söylədilər və bildirdilər ki, bu məsələləri daha yüksək səviyyədə öz həllini tapmalıdır. Cəmilə xanım bir maraqlı məsələyə də toxundu ki, Sevda xanım, yəni onun qızı işsizliyə görə müavinət alır, amma söhbət onun təkcə maddi sosyal müdafiəsində söhbət getmir. Söhbət ondan gedir ki, xanım depressiyaya qapılıb. O hansı işlə təmin olunmalıdır ki, evdən bayıra çıxsın, yəni bu baxımdan biz digər şəhid ailələri haqqında da, onların ailə üzvləri haqqında da düşünməliyik. Mənə başqa, bu tipli müraciətlər də olub. Bəzən xırda məsələləri bəhanə edib, onları işlə təmin eləməkdən müvafiq dövlət orqanları imtina edirlər. Mən ad çəkmək istəmirəm, amma hesab edirəm ki, bu gün bu çıxışımla məsələni ictimailəşdirməklə problemin həll olunmasına nail olacağıq".