Azərbaycan hökuməti hərbi əməliyyatlarla bağlı əziyyət çəkən Ukrayna vətəndaşlarına yardım məqsədilə üçüncü dəfədir ki, humanitar yardım göndərir.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistələrə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, yardım tibbi ləvazimatlar və dərman vasitələrindən ibarədir:
"Bu dəfəki yardımın təqdimat yeri Moldova Respublikasıdır. Ukraynadakı müharibənin fəsadlarından əziyyət çəkən və Moldovada məcburi şəkildə müvəqqəti yaşayan Ukrayna vətəndaşlarına yardım göstərilir. Azərbaycan müharibənin fəsadlarını çox uzun müddətdir çəkən ölkələrdən biridir və müharibədə əziyyət çəkən vətəndaşlara hansı ölkədə olmasından asılı olmayaraq dövlətimiz daima dəstək olmağa çalışır. Yardımlar ehtiyac olacağı təqdirdə, davamlı şəkildə göndəriləcək".
Məbləği 1,7 milyon manatdan artıq olan 29 tonluq humanitar yardımın Kişinyov hava limanına çatdırılması üçün təyyarə 15 aprel saat 10:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşüb.
Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə cari ilin 27 fevral və 12 mart tarixlərində Azərbaycan tərəfindən Ukraynaya dərman vasitələri, tibbi sərf, cihaz və avadanlıqlardan, eləcə də ərzaq məhsullarından ibarət ümumi məbləği 21.5 milyon manat məbləğində (11,5 milyon avrodan artıq) 520 tona yaxın humanitar yardım göndərilib.